Dörd Qərb ölkəsi İordan çayının qərb sahilində məskunlaşan israilli radikallara qarşı koordinasiyalı sanksiyalar tətbiq edib.

Böyük Britaniya, Kanada, Fransa və Norveç, İsrailin işğalı altında olan İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılıqda iştirak edən, bu fəaliyyətləri maliyyələşdirən və dəstəkləyən şəxslər və şəbəkələrə qarşı yeni koordinasiyalı sanksiyalar elan ediblər.

6/14/2026

Qərb ölkələrinin açıqlamasına görə, qərar bölgədə israilli məskunlaşanların törətdiyi zorakılıq hallarının artması fonunda qəbul olunub. Diplomatik mənbələr hesab edirlər ki, bu cür hadisələr gələcəkdə müstəqil Fələstin dövlətinin yaradılması perspektivlərini zəiflətməyə yönəlib.

Birgə bəyanatda qeyd olunub ki, məqsəd fələstinli mülki şəxslərə qarşı hücumlarda iştirak edən radikalları məsuliyyətə cəlb etməkdir.

Xarici işlər nazirlərinin imzaladığı sənəddə İsrail hökumətinə çağırış edilərək, İordan çayının qərb sahilində baş verən zorakılıq hallarına görə real və təsirli məsuliyyət mexanizmlərinin tətbiq olunmasının vacibliyi vurğulanıb.

Yeni sanksiyalar ötən həftə Avstraliya və Yeni Zelandiya tərəfindən elan olunan oxşar tədbirlərlə koordinasiya şəklində həyata keçirilir. Bu addım bir sıra Qərb dövlətlərində İsrail hökumətinin məskunlaşma siyasətinə qarşı artan narazılığın göstəricisi kimi qiymətləndirilir. Məlumata görə, Fransa İsrailin maliyyə naziri Bezalel Smotriçin ölkəyə girişini qadağan edib. Böyük Britaniya isə məskunlaşan qrupların maliyyə fəaliyyətlərini dəstəklədiyi bildirilən şəbəkələrə qarşı məhdudiyyətlər tətbiq edib.

İsrail Xarici İşlər Nazirliyi isə sanksiyaları qəti şəkildə rədd edib. Nazirliyin açıqlamasında bildirilir ki, bu qərarlar antisemitizmi cilovlamaqda uğursuz olan hökumətlərin siyasi mövqeyini sanksiyalar vasitəsilə tətbiq etmək cəhdidir. Açıqlamada qeyd olunur ki, söhbət zorakılığa qarşı mübarizədən deyil, yəhudilərin tarixi İsrail torpaqlarında məskunlaşmaq hüququna dair siyasi mövqenin qəbul etdirilməsindən gedir.

Yəhudi məskunlaşmalarını təmsil edən Yeşa Şurasının rəhbəri Yisrael Ganz isə İsrail parlamentini Fələstin Muxtariyyətini ləğv etməyə və İordan çayının qərb sahilində İsrailin suverenliyini daha da gücləndirməyə çağırıb.

İsrail hökuməti bölgədə məskunlaşanların zorakılıq hallarında iştirak etdiyini etiraf etsə də, xarici dövlətlərin israilli vətəndaşlara və təşkilatlara qarşı sanksiyalar tətbiq etməsinə qarşı çıxır. Rəsmi Təl-Əviv bildirir ki, yəhudilərin həmin ərazilərdə yaşamaq hüququ var.

Qeyd edək ki, İordan çayının qərb sahili 1967-ci il Ərəb-İsrail müharibəsindən sonra İsrailin nəzarətinə keçib. Hazırda burada həm israillilər həm də fələstinlilər yaşayır.

© 2026. Politic Signal