"Əl-Qaidə" - Terror təşkilatı yoxsa yeni dövlət ideyası?
Mali ərazisində “Əl-Qaidə” ilə əlaqəli silahlı qruplaşmaların nəzarəti altında yaşayan sakinlər bildirirlər ki, son illərdə həmin qrupların davranışında nəzərəçarpacaq dəyişiklik müşahidə olunur.
6/13/2026
Yerli əhalinin sözlərinə görə, əvvəllər zorakılıq və sərt dini qaydalarla tanınan silahlılar indi daha çox idarəçilik və sosial fəaliyyətlərə üstünlük verirlər.
Mərkəzi Malidə yerləşən Poutçi kəndində yaşayan çoban Amadunun dediyinə görə, silahlılar bir neçə aydan bir kənd sakinlərini məscidə toplayaraq məhsul və mal-qara vergisi yığırlar. Daha sonra isə ehtiyac sahibi ailələrə ərzaq, dərman və heyvan yardımı paylayırlar.
Onun sözlərinə görə, beş il əvvəl eyni qrup onların dini baxışlarını sorğulayan şəxsləri, hətta kənd imamını belə ölümlə hədələyirdi. İndi isə əsas diqqət dini təbliğata yönəlib və açıq zorakılıq halları xeyli azalıb.
Söhbət 2017-ci ildə yaradılmış və “Əl-Qaidə”yə sədaqət andı içmiş “Camaat Nusrat əl-İslam vəl-Muslimin” (JNIM) qruplaşmasından gedir. Təşkilat son on ildə Qərbi Afrikanın Sahel bölgəsində təsir dairəsini genişləndirərək musiqi, siqaret və toy şənlikləri kimi fəaliyyətlərə qadağalar tətbiq edib.
Ekspertlərin fikrincə, JNIM-in güclənməsi 2020-ci ildə hakimiyyəti ələ keçirən Mali hərbi rəhbərliyinin ölkədən Fransa və BMT qüvvələrini çıxarmasından sonra sürətlənib. Sonrakı dövrdə hökumət təhlükəsizlik sahəsində Rusiyanın dəstəyinə üz tutsa da, silahlılar fəaliyyətlərini genişləndirməyə davam ediblər.
Qrup bu ilin aprelində paytaxt Bamako hava limanına hücum, müdafiə nazirinin öldürülməsi və ölkənin şimalında bir sıra hərbi bazaların ələ keçirilməsi ilə diqqət çəkmişdi. Həmin əməliyyatlar Tuareq separatçı qüvvələri ilə koordinasiyalı şəkildə həyata keçirilmişdi.
Mali hökuməti həm JNIM-i, həm də separatçı qrupları terror təşkilatları hesab edir və onları ölkədəki zorakılıq və sabitsizliyə görə məsul tutur. Rusiya isə Mali hakimiyyətinə dəstəyini davam etdirəcəyini bəyan edib.
BMT Baş katibi Antonio Guterres ötən ilin noyabrında xəbərdarlıq etmişdi ki, “Əl-Qaidə” və İŞİD yönümlü silahlı qruplar arasında əlaqələrin güclənməsi qlobal təhlükəsizlik üçün ciddi risk yaradır.
Bununla belə, JNIM-in tam nəzarət etdiyi bölgələrdə yaşayan sakinlər qrupun fəaliyyət tərzinin dəyişdiyini bildirirlər. Onların sözlərinə görə, silahlılar torpaq mübahisələrinin həllində vasitəçilik edir, humanitar təşkilatların fəaliyyətinə müəyyən imkanlar yaradır və bəzi dövlət qulluqçularına ailələrini ziyarət etmək üçün kəndlərə qayıtmağa icazə verirlər.
Sahel regionu üzrə ekspert Korin Dufka hesab edir ki, təşkilatın davranışındakı dəyişiklik onunyəni on güclənməsi ilə əlaqədardır. Onun fikrincə, qrup nəzarət etdiyi ərazilərdə idarəçilik qabiliyyətini nümayiş etdirməyə çalışır və siyasi legitimlik qazanmağa can atır.
Ekspertlər vurğulayırlar ki, yerli əhalinin bu vəziyyətə uyğunlaşması təkcə razılıq deyil, həm də təhlükəsizlik və sağ qalmaq instinkti ilə bağlıdır. Onların fikrincə, bölgədə insanlar qorxu, məcburiyyət və inandırma faktorlarının təsiri altında yeni reallığı qəbul etməyə məcbur olurlar.
Analitiklər qeyd edirlər ki, son 15 ildə Mali və ətraf regionlarda fəaliyyət göstərən islamçı silahlı qruplar təkcə hərbi güc deyil, həm də alternativ idarəetmə modeli formalaşdırmağa çalışırlar. Bu isə onların bölgədə təsir imkanlarını daha da artıran əsas amillərdən biri hesab olunur.
