Rəsmi Bakı ABŞ–İran razılaşmasına münasibət bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışladığını açıqlayıb.
6/15/2026
XİN-in yaydığı bəyanatda qeyd olunub ki, Azərbaycan tərəfi əldə edilmiş razılaşmanı müsbət addım kimi qiymətləndirir.
“Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunmuş razılaşmanı alqışlayırıq”, – bəyanatda bildirilir.
Azərbaycan Xarici İşlər Nazirliyi eyni zamanda danışıqlar prosesində vasitəçilik edən Pakistanın rolunu xüsusi vurğulayıb.
“Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk”, – məlumatda qeyd olunub.
Bəyanatda vurğulanır ki, əldə olunmuş razılaşma gələcək mərhələdə aparılacaq danışıqlar üçün əsas yarada bilər.
“Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəkdir”, – Azərbaycan Xarici İşlər Nazirliyi əlavə edib.
Qeyd edək ki, son günlər ABŞ və İran arasında aparılan danışıqlarda ilkin razılığın əldə olunduğu barədə məlumatlar yayılıb. Tərəflər arasında müzakirələrin növbəti mərhələdə texniki və siyasi detalları əhatə etməsi gözlənilir.
